Mayın 17-də Bakıda "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altında öz işinə başlayacaq III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mətbuat konfransı keçirilib.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Forumla bağlı məlumat verərək bildirib
ki, Azərbaycan dövləti və şəxsən dövlətimizin başçısı İlham Əliyev
tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması
məqsədilə "Bakı prosesi" təşəbbüsü irəli sürülüb.
Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə tarix boyu yaşamış və bu gün də yaşayırlar.
Nazir vurğulayıb ki,
"Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada
sülh və əməkdaşlığın qorunmasına xidmət edir: "Azərbaycanda
mədəniyyətlərin dialoq məsələsi hər hansı süni ideologiyaya söykənmir,
bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir
və bizim milli dəyərlərimizdə bu faktor önəmli rol oynayır. Forum
beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və
multikulturalizm kimi dəyərlərin təbliğində ölkəmizin əhəmiyyətli rolunu
bir daha təsdiqləyir. Forum Prezident İlham Əliyevin təşəbbüsü olmaqla,
nüfuzlu beynəlxalq qurumları- UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı,
Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin
Ümumdünya Turizm Təşkilatını tərəfdaş kimi cəlb edən yeganə
platformadır".
Nazir deyib ki, bu Forum ölkəmizdə həyata keçirilən ən
böyük mədəni layihələrdəndir. Bu möhtəşəm tədbir çərçivəsində
reallaşacaq görüşlər və müxtəlif mövzulu seminarlarda dinləniləcək
məruzələr yeni ideyaların, fikirlərin ortaya çıxmasına, dövlətlər və
xalqlar arasında mövcud olan münasibətlərin daha da yaxşılaşmasına təkan
verəcək: "Forum günlərində paytaxtımıza təşrif buyurmuş 100-dən çox
ölkəni təmsil edən qonaqlar Azərbaycanı daha yaxından tanımaq imkanı da
əldə edəcəklər. Forumda 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər,
50-yə yaxın ölkədən nazir, nazir müavinləri, dünyanın nüfuzlu beyin
mərkəzlərinin və media qurumlarının nümayəndələri, ümumilikdə beş
qitədən 500-ə yaxın xarici ölkə nümayəndəsi iştirak edəcək".
Azərbaycanın
böyük tarixi keçmişə malik olduğunu söyləyən BMT-nin Sivilizasiyalar
Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasseri belə bir
tədbiri himayədarlıq etdiyinə görə Azərbaycan Prezidentinə və hökumətinə
minnətdarlığını bildirib.
Qeyd edib ki, bu forumun olduqca ciddi
mövzusu var, dünyanı sülhə, əmin-amanlığa səsləyən belə bir möhtəşəm
tədbirin təşkili olduqca təqdirəlayiqdir: "Bu tədbirin mövzusu insanlar
arasında təhlükəsizliyin, anlaşmanın yaranmasına xidmət edir. Biz belə
təşəbbüsləri daha da genişləndirməliyik. Çalışmalıyıq ki, gənclər
ekstremist və çox radikal məfkurənin qurbanına çevrilməsinlər".
UNESCO-nun
Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada-əl
Naşif bildirib ki, Azərbaycana ilk dəfədir səfər edir. Belə bir tədbirdə
iştirakından olduqca məmnundur: "İki il əvvəl UNESCO ilə Azərbaycan
arasında Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı əməkdaşlıq
memorandumu imzalanıb. Bakı Forumu UNESCO üçün çox mühüm bir
platformadır".
BMT ÜTT-nin Turizm və sülh üzrə baş katibinin müavini
Əbdül Qafar bildirib ki, turizm sektorunun belə bir mühüm tədbirdə
ayrıca təmsil olunması çox mühüm faktdır. İnsanlar arasında dialoqun
formalaşmasında bu sektorun ayrıca payı var: "İl ərzində dünya üzrə 1,5
milyard insan səyahət edir. Təbii ki, yeni iş yerlərinin açılmasında,
ölkələrin iqtisadiyyatının inkişafında bu səyahətlər çox böyük önəm
daşıyır. İstəyirik ki, turizm insanların yaşam səviyyəsinə daha böyük
töhfə versin".
Builki Forumun kifayət qədər maraqlı proqramı
olduğunu söyləyən Birləşmiş Krallığın Coventri Universitetinin İnam,
sülh və sosial əlaqələr mərkəzinin icraçı direktoru Mike Hardy qeyd edib
ki, bu forumda mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf
tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji
qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda bəşəri
dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət
xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum
çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini
plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların
mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar
sessiyalar keçiriləcək.
Mətbuat konfransının iştirakçıları junalistləri maraqlandıran sualları cavablandırıb.